Bakı sakininə qarşı quldurluq edən şəxslər Ali Məhkəməyə müraciət ediblər

Bakı sakininə qarşı quldurluq edən şəxslər Ali Məhkəməyə müraciət ediblər Proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb
Hadisə
6 Sentyabr , 2016 09:27
Bakı sakininə qarşı quldurluq edən şəxslər Ali Məhkəməyə müraciət ediblər

Bakı. 6 sentyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Sərvan Ramazanov və Şahin Şəfiyevin barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin müdafiəçiləri vəsatətlə çıxış ediblər.

Vəkillər prosesin məhkəmə istintaqı ilə aparılmasını tələb ediblər. Vəsatətlər təmin edilməyib. Həmin qərardan narazı qalan müdafiəçilər kassasiya şikayəti veriblər. Bu səbəbdən proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb. İşə Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, hadisə Bakının Nizami rayonu, Çobanzadə küçəsi 35 ünvanında baş verib. İki nəfər naməlum şəxs gecə saatlarında piyada evlərinə gedən Taleh Ağayevin qarşısını kəsib. Onlar T.Ağayevin boğazına bıçaq dirəyərək, 2 ədəd mobil telefonunu alıblar.

T.Ağayev quldurluq hadisəsi ilə bağlı 24-cü Polis Bölməsinə şikayət edib. Onun şikayəti əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Ş.Şəfiyev və Bərdə rayon sakini S.Ramazanov tutulublar.

Həmin şəxslər Cinayət Məcəlləsinin 181.2.1-ci (qulduruluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.4-cü (qulduruluq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 181.2.5-ci (qulduruluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Ramazanov 9 il, Ş.Şəfiyev 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Son xəbərlər

Orphus sistemi