Bir sıra kütləvi informasiya vasitələrində yayılmış məlumatlarda yanlış olaraq, Bakı metropoliteninin "Həzi Aslanov" stansiyasının əsaslı təmir məqsədilə sərnişinlərin giriş-çıxışına bağlanacağı bildirilir.
"
"Bakı Metropoliteni" QSC bildirir ki, "Həzi Aslanov" stansiyasında planlaşdırılan təmir məhz qabaqlayıcı tədbir kimi nəzərdə tutulub. Stansiya infrastrukturunu və onun konstruksiyasını hazırda hər hansısa təhlükə gözləmir. Əsaslı təmir məhz gələcəkdə yarana biləcək təhlükənin qarşısını əvvəlcədən almağa hesablanıb. Ən əsası, təmir dövründə stansiyanın sərnişinlərin giriş-çıxışına bağlanması nəzərdə tutulmayıb".
Ümumiyyətlə, "əsaslı təmir" anlayışı stansiyanın mütləq şəkildə bağlanması zərurətini yaratmır və bunu nəzərdə tutmur: "Təmirlə əlaqədar sərnişinlərə hər hansısa təhlükənin yaranması ehtimalı olduqda, habelə təmirlə əlaqədar onların hərəkətinin tam məhdudlaşdırılmasına zərurət yarandığı hallarda stansiyanın bağlanması qaçılmaz olur. Əsaslı təmir və yenidənqurma zamanı stansiyanın bağlanmadan aparılmasına "Nizami" stansiyasında görülmüş işlər əyani nümunədir. Həmçinin "Xətai" stansiyasında da platforma və yolların təmiri stansiya bağlanmadan həyata keçirilmişdi. Bu stansiyanın bağlanması zərurətini istismar müddətini başa vurmuş eskalatorların dəyişdirilməsi zamanı onun bir giriş-çıxışlı olması yaratmışdı. Məlumdur ki, son illərdə "Elmlər Akademiyası", "İnşaatçılar", "20 Yanvar" stansiyalarında eskalatorlar yenisi ilə əvəz edilərkən, sərnişinlər digər giriş-çıxışlardan, "28 May" stansiyasında isə "Cəfər Cabbarlı" stansiyasının keçidlərindən istifadə edirdilər".