Müharibə aparılması qaydalarına həsr edilmiş ən böyük seminar olan “Hərbi əməliyyatların idarə olunmasına dair beynəlxalq qaydalara həsr olunmuş Seminar”ın (SWIRMO) 17-ci buraxılışında iştirak edən 71 dövləti təmsil edən 96 yüksək rütbəli hərbçi bu gün kursu başa vurub.
Bu barədə "Report" Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) məlumat verilib.
Bildirilib ki, BQXK və Azərbaycan Müdafiə Nazirliyinin birgə təşkil etdiyi tədbir hərbi zabitlərin beynəlxalq humanitar hüquq (BHH) üzrə biliklərini inkişaf etdirmək, təcrübə mübadiləsi aparmaq, müasir çağırışları və müasir müharibələrdə BHH-nin tətbiqi barədə müzakirələr aparmaq imkanı verib. Proqram ingilis, fransız, ispan, rus və ərəb dillərində, BHH mütəxəssislərinin dəstəyi ilə, silahlı qüvvələrlə iş aparan BQXK nümayəndələri tərəfindən təqdim edilib.
“BHH-nin inteqrasiyası üzərində uzun illər gərgin işdən sonra biz Müdafiə Nazirliyi olaraq kifayət qədər iş gördüyümüz təəssuratında idik. SWIRMO-da eyni sahədə çalışan digər həmkarlarımı dinlədikdə isə başa düşdüm şübhəsiz ki, təkmilləşdirmə üçün hələ də imkanlar var. Təəccüblüdür ki, digər həmkarlarım da eyni təəssüratdadırlar.
BQXK-nın bu mühüm beynəlxalq foruma yüksək səviyyəli hərbi ekspertləri fikir və təcrübə mübadiləsi üçün cəlb etməsini bir fürsət olaraq çox yüksək qiymətləndiririk” deyə iştirakçılarından biri bildirib. “SWIRMO 2024 sadəcə müzakirə forumu və ya qanun və qaydaların öyrənilməsi deyil, həm də münaqişənin ən qızğın vaxtında belə ən çətin qərarların qəbul olunması zamanı humanitar dəyərlərin rəhbər tutulmalı olduğunu başa düşmək və xatırlatmaq üçündür” deyə digər iştirakçı da öz rəyini bölüşüb.
Bu il Cenevrə Konvensiyalarının 75-ci ildönümü qeyd edilir və SWIRMO kimi tədbirlər zamanı aparılan müzakirələr BHH-yə riayət etmənin nə qədər vacib olduğunu bir daha göstərir.