Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb Mülki qanunvericilikdə lizinq müqaviləsi üzrə satıcı və lizinq verənin eyni şəxs ola bilməsi istisna edilmir
Hadisə
8 Fevral , 2017 18:14
Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Bakı. 8 fevral. REPORT.AZ/ Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1-ci, 140.2-ci, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1-ci və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1.3-cü maddəsinin tələbləri baxımından lizinq obyektinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hüquqi və ya fiziki şəxsə verilməsi istisna edilmir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-5-ci maddəsinə müvafiq olaraq, lizinq müqaviləsi üzrə lizinq verən satıcı (mal verən) ilə alqı-satqı müqaviləsi bağlamalıdır. Alqı-satqı müqaviləsi lizinq müqaviləsindən əvvəl bağlana bilər, bu zaman həmin müqavilənin xüsusi olaraq lizinq məqsədləri üçün bağlandığı göstərilməlidir.

Mülki qanunvericilikdə lizinq müqaviləsi üzrə satıcı və lizinq verənin müqavilənin ayrı-ayrı tərəfləri olması ilə yanaşı, eyni şəxs ola bilməsi istisna edilmir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin tələblərinə görə, icarəyə verənlə (lizinq verənlə) satıcı vergitutma məqsədləri üçün eyni şəxs ola bilər. Bu zaman lizinq verən həm satıcı kimi lizinq obyektinin təqdim edilməsi qismində Vergi Məcəlləsinin 142-ci maddəsinə müvafiq olaraq mənfəət vergisinə cəlb edilməli, həm də icarəyə verən (lizinq verən) kimi həmin Məcəllənin 140.1-140.5-ci maddələrinə müvafiq olaraq, mənfəət vergisinə cəlb edilərək həmin Məcəllənin 135-ci maddəsinə əsasən faiz gəlirlərindən mənfəət vergisi ödəməlidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz. 

Son xəbərlər

Orphus sistemi