Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ağaclıq ərazidə baş verən yanğın söndürülüb.
Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhimdar Cəmiyyətinin sədri Ramik Əşrəfov məlumat verib.
O bildirib ki, ilkin ehtimala görə ərazidən keçən elektrik xətlərində baş verən qısaqapanma yanğına səbəb olub: “Yanğın zamanı kol-kos və quru ot yanıb. Həmçinin ərazidə olan eldar şamı ağaclarına ziyan dəyib. Yanğın 2 ha-a yaxın ərazini əhatə edib. Hazırda yanğının başvermə səbəbləri araşdırılır və dəymiş ziyan hesablanır. Yanğın lokallaşdırılaraq qarşısı alınıb”.
Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ağaclıq ərazidə kol-kos və quru ot yanır.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.