“Aztelekom” MMC-nin sabiq baş direktoru və baş mühasibi dəymiş zərəri tam şəkildə ödəyib

“Aztelekom” MMC-nin sabiq baş direktoru və baş mühasibi dəymiş zərəri tam şəkildə ödəyib Məhəmməd Məmmədov ona elan olunmuş ittihamları qəbul etmir
Hadisə
14 Noyabr , 2016 11:50
“Aztelekom” MMC-nin sabiq baş direktoru və baş mühasibi dəymiş zərəri tam şəkildə ödəyib

Bakı. 14 noyabr. REPORT.AZ/ “Mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq iki əməkdaşı ittiham aktında göstərilən dəymiş zərəri tam şəkildə ödəyib”.

Bu barədə “Report”a vəkil Şahin Rəfiyev bildirib.

Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi “Aztelekom” MMC-nin keçmiş baş direktoru Məhəmməd Məmmədov və həmin qurumun baş mühasibi Oktay Rüstəmovun qohumları tərəfindən ittiham aktında göstərilən dəymiş zərər tam şəkildə ödənilib: ““Aztelekom” MMC epizodu üzrə heç bir ziyan qalmayıb. Həmin şəxslərin əməllərində cinayət tərkibinin olub-olmaması isə məhkəmə araşdırmasından sonra bəlli olacaq. Hesab edirəm ki, Məhəmməd Məmmədov bu cinayət işində olan qurbanlardan biridir. Belə ki, onun cinayət işində əməlinin olması ilə bağlı sübuta yetirilən bir şahid ifadəsi, nə də bunu təsdiq edəsi Məhəmməd Məmmədovun imzası ilə olan hüquqi sənəd mövcudur”.

Ş.Rəfiyev bildirib ki, M.Məmmədov ona elan olunmuş ittihamları qəbul etmir: “O, həmin ittihamları rədd edərək, günahsız olduğunu söyləyir”.

Vəkil M.Məmmədovun əmlaklarının üzərinə həbs qoyulmadığını da vurğulayıb: “”Rabitə işi” ilə bağlı təqsirləndirilən digər şəxslərdən fərqli olaraq, hüquqlarını müdafiə etdiyim Məhəmməd Məmmədovun əmlaklarının üzərinə həbs qoyulmayıb”.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi Fətullah Seyidov və həmin birliyin baş mühasibi Rəşad Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi N.Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov da saxlanılıb. Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılır.

Xatırladaq ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.

Son xəbərlər

Orphus sistemi