Azərbaycanın alqologiya elminin banisi olan alim vəfat edib

Azərbaycanın alqologiya elminin banisi olan alim vəfat edib Ninel Qarayeva uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib
Hadisə
5 Aprel , 2017 11:17
Azərbaycanın alqologiya elminin banisi olan alim vəfat edib

Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycanda alqologiya elminin banisi, tanınmış alim Ninel Qarayeva vəfat edib.

AMEA Botanika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor N.Qarayeva uzun sürən ağır xəstəlikdən sonra 85 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ninel İsrafil qızı Qarayeva 1932-ci ildə Bakı şəhərində anadan olub. 1955-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin biologiya fakultəsini bitirdikdən sonra 1957-ci ildə AMEA Botanika İnstitutunun aspiranturasına daxil olub, XX əsrin görkəmli diatomoloqu, b.e.d. A.İ.Proşkin-Lavrenkonun rəhbərliyi altında namizədlik dissertasiyası üzərində çalışıb və 1961-ci ildə Xarkov Dövlət Universitetində “Xəzər dənizinin qərb sahilboyu hissəsinin bentos diatom yosunları” mövzusunda namizədlik, 1975-ci ildə keçmiş SSRİ EA-nın Botanika İnstitutunda (Sankt-Peterburq) “Xəzər dənizinin diatom yosunları” mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə edib. Müəllif elmi tədqiqatlar nəticəsində Xəzər dənizinin diatom florasının tərkibini öyrənib, Xəzər dənizində ilk dəfə aşkar olunan 175 növün morfoloji və ultrastruktur səviyyəsində təsvirini verib, elm üçün 1 sıra, 1 fəsilə, 2 cins və 9 növ təsvir edib, onların yayılması və autekologiyasını öyrənib. Bu tədqiqat işi elmi tədqiqatçıları maraqlandıran bir çox sualları əhatə etməklə, hazıradək Xəzərin diatom yosunlarının öyrənilməsi sahəsində ən sanballı əsər hesab olunur.

Alim tərəfindən çoxillik tədqiqatlar nəticəsində Xəzərin müasir alqoflorasının səciyyəvi cəhətləri müəyyənləşdirilib, onun mənşəyi və inkişafına dair sonralar eksperimental şəkildə öz təsdiqini tapmış hipoteza irəli sürülüb. Xəzər sularında yosunla örtülməyə qarşı elektroliz məhsulu olan biosidlə mübarizə kimi ekoloji təmiz və böyük praktiki əhəmiyyət kəsb edən üsul işlənib hazırlanmış və tətbiq edilib.

Diatom yosunların yeni bir cinsi onun şərəfinə Karayevia Round et Bukht. (Round, Bukhtiyarova “Four new genera based on Achnanthes (Achnanthium) together with a re-definition of Achnanthium”, Diatom Research, 1999, vol. 11) adlandırılıb.

N.İ.Qarayevanın əldə etdiyi nəticələr dəfələrlə keçmiş SSRİ Elmlər Akademiyasının və Azərbaycan SSR Elmlər Akademiyasının mühüm nailiyyətləri sırasına daxil edilib, beynəlxalq cəmiyyətin etibarını qazanmış, beynəlxalq konqreslərdə məruzə edilib.

N.İ.Qarayevanın elmi fəaliyyəti bütün dövrlərində yüksək qiymətləndirilmiş, müxtəlif illərdə Milli Elmlər Akademiyası və başqa təşkilatlar tərəfindən Fəxri fərman və diplomlarla təltif edilib. Bu sırada ölkə Prezidentinin sərəncamı ilə təqdim edilmiş “Tərəqqi” medalı, “Əmək veteranı”medalı və “Sosialist yarışı əlaçısı” nişanını qeyd etmək olar. 

Son xəbərlər

Orphus sistemi