Azərbaycandan hava gəmilərinə aid cihazları çıxarmağa görə tutulan şəxslər məhkəmə zalında azadlığa buraxılıb
- 22 noyabr, 2018
- 12:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 22 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hava gəmilərində istifadə edilən külli miqdarda cihazı ölkə xaricinə çıxarmaqda təqsirləndirilən Ələddin Qarayev, Fərman Əhmədov, Südabə Mehdiyeva və Rusiya vətəndaşı İdris Axundovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərə şərti cəza verilib. Ə.Qarayev və İ.Axundov məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, prokuror çıxışında təqsirləndirilən şəxslərin hər birinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsində hava gəmilərində istifadə edilən külli miqdarda cihazın ölkə ərazisindən qanunsuz yolla aparılması cəhdinin qarşısının alınması ilə bağlı məlumat yayıb.
Həmin şəxslərdən S.Mehdiyeva və F.Əhmədov barəsində həbs qətimkan tədbiri seçilməyib.