Yuxarı
    Bağlamaq

    Azərbaycanda yaxın müddət üçün seysmoloji aktivlik proqnozu açıqlanıb

    Yanvardan bu günə kimi Rixter cədvəli üzrə maqnitudası 5-dən artıq olan 6 güclü təkan olub

    Bakı. 12 dekabr. REPORT.AZ/ "Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin hazırladığı hesabata görə, Azərbaycanda 2014-cü ildə 7 mindən artıq zəlzələ qeydə alınıb". Bunu "Report"a açıqlamasında mərkəzin baş direktoru Qurban Yetirmişli deyib.

    Onun sözlərinə görə, cari ili Azərbaycanda seysmikliyin aktiv dövrü kimi qiymətləndirmək olar: "Yanvar ayından bu günə kimi Rixter cədvəli üzrə maqnitudası 5-dən artıq olan 6 güclü təkan olub. Həmin təkanlar Xəzər dənizi, Qəbələ, Zaqatala və Hacıqabulda qeydə alınıb. Sadalanan zəlzələlərin ən güclüsü cari ilin fevral ayının 10-da Hacıqabulda olub. Hətta bu zəlzələ Bakıda, rayonlarda, eləcə də həmsərhəd ölkələrdə də hiss olunmuşdu. Bu təkan nəticəsində gərginlik toplanan seysmogen zonalarda fəallıq başladı və zəlzələlərin daha da artmasına səbəb oldu. Məsələn, dekabrın əvvəllərində Xəzər dənizində 4 dəfə dalbadal zəlzələ oldu. Eyni zamanda Şamaxı, İsmayıllı, Ağstafa, Qazax bölgəsində də böyük aktivlik müşahidə olunmuşdu ki, sentyabr-oktyabr aylarında 160-170-ə yaxın xırda təkanlar qeydə alındı. Onların içərisində ən güclüsü 4,1 bal Ceyrançöl istiqamətində olub. Lakin orada yaşayış məntəqələri olmadığından təkanlar hiss edilməmişdi və sadəcə səthi zəlzələ idi".

    Q.Yetirmişli həmçinin qeyd edib ki, keçən il qərb bölgəsi sakit idisə, bu il əksinə, şimal-qərb istiqamətində aktivlik müşahidə olunub: "Bununla yanaşı, Xəzərin cənub-şərq istiqamətində ilin üçüncü rübündə aktivlik qeydə alınıb".

    Yaxın müddətdə hər hansı bir təkanın başvermə ehtimalına toxunan mərkəz direktoru deyib ki, zəlzələ hər gün baş verir, lakin yaxın günlərdə dağıdıcı zəlzələ gözlənilmir: "Qərb, şimal, eləcə də cənub bölgəsində mütəmadi olaraq fon səviyyəsində olan zəlzələlər baş verib. Fon səviyyə dedikdə seysmogen zona üçün maqnitudası 2-3 bal götürülən zəlzələlər nəzərdə tutulur. Bunlar güclü təkanlar deyil, yəni çox zəif hiss olunur və heç bir fəsadlar törədən zəlzələlər deyil. Eyni zamanda qeyd edim ki, yerüstü gedən proseslər, yəni yağış, qar, külək, qasırğanın zəlzələ ilə bağlılığı olmadığından adıçəkilən proseslər zəlzələlərin baş verməsinə səbəb ola bilməz. Çünki zəlzələlər yerin dərin qatlarında gedən proseslərdir. Tektonik proseslər yer daxilində gedən hərəkətlərin, yəni blokların sıxışması nəticəsində əmələ gələn proseslərdir". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi