Yuxarı

​Azərbaycanda saxlanılan nurçuların məhkəməsinin vaxtı açıqlanıb

Ali Məhkəmədə keçiriləcək iclas aprelin 5-nə təyin edilib

Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycanda saxlanılan nurçuların kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

Vəkil Əsabəli Mustafayevin "Report"a verdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək iclas aprelin 5-nə təyin edilib. İşə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 2013-cü ilin aprel ayında hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Xıdır Mustafayev küçəsində yerləşən mənzillərin birində apardıqları axtarış zamanı evdə toplantı keçirən "nurçu" təriqətinin 41 üzvü saxlanılıb. Həmin şəxslərin bir hissəsindən izahat alınıb və sərbəst buraxılıb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə Hacıyev Eldəniz Balamət oğlu, Məmmədov İsmayıl İsax oğlu və Səbzəliyev Rəvan Həkim oğlu barələrində həbs qətimkan tədbiri seçilib. Sonradan onların barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Yasamal Rayon Məhkəməsində təqsirləndirilən şəxslər - E.Hacıyev, İ.Məmmədov, onun qardaşı Z.Məmmədov, Ş.Həsənovun hər biri 5 il, R.Səbzəliyev isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onların hər biri məhkəmə zalında həbs edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 167-2.2.1-ci (qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə, bu Məcəllənin 168.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinə yetkinlik yaşına çatmayanları cəlb etmə) maddələri ilə ittiham olunub.

Hökmdən narazı qalan həmin şəxslər apellyasiya şikayətləri veriblər. Bakı Apellyasiya Məhkəməsində, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesin ilkin qərardan təqsirləndirilən şəxslər kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi