Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Keçirilmiş reyd zamanı Qusar rayonunun Hil kəndi ərazisində Hil kənd sakini Marks Dövlətov ov edərkən saxlanılıb. Ondan 1 ədəd tüfəng götürülərək barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib edilib. Qanun pozucusu 1000 manat məbləğində cərimə olunub.
Digər reydlər zamanı Bərdə və Qusar rayonları ərazisində ov edən naməlum şəxslər saxlanılıb. Onlardan 2 ədəd tüfəng və 18 ədəd patron götürülüb. Hər iki fakt üzrə akt tərtib edilib, təqsirkarların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti rayon Polis Şöbələrinə müraciət olunub.
Eyni zamanda, keçirimiş reydlər zamanı ov quşlarının satışının təşkil edildiyi də aşkarlanıb. Belə ki, Lənkəran rayonu Şirinsu kəndi ərazisində 1, Qumbaşı kəndi ərazisində 4, Masalllı rayonu avtomobil yolunun kənarında 3 nəfər saxlanılaraq onlardan ümumilikdə 24 ədəd quş götürülüb və yandırılaraq məhv edilib. Qanun pozucuları barəsində müvafiq aktlar tərtib olunub, şəxsiyyətlərinin müəyyənləşdirilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün tərtib edilmiş sənədlər aidiyyəti rayon polis şöbələrinə göndərilib.