Yuxarı

​Azərbaycanda ödəmə terminallarından oğurluq edən dəstə üzvləri tutulub - FOTO

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır

Tərtər. 26 may. REPORT.AZ/ Azərbaycanda ödəmə terminallarından oğurluq edən dəstə üzvləri tutulub.

"Report" xəbər verir ki, Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində mağazalardan ödəmə terminallarını sındıraraq pul oğurlayan dəstənin iki üzvü zərərsizləşdirilib.

Tərtər RPŞ-nin müstəntiqi Nəsimi Hüseynov "Report"un Qarabağ bürosunun müxbirinə bildirib ki, rayon sakini Rafiq Ərşad oğlu Vəliyev polis şöbəsinə müraciət edərək ona məxsus, Həydər Əliyev prospektində yerləşən mağazadan naməlum şəxs və ya şəxslər ödəmə terminalından və kassadan, o cümlədən rəflərdən siqaret və sərinləşdirici içkilər oğurlayıblar. "Bununla da sahibkara 2 874 manat maddi ziyan vurublar. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, oğurluq edən şəxslər - 22 yaşlı Elçibəy Zakir oğlu Göygözlü və onun dostu 23 yaşlı Əli Əhliman oğlu Quluzadədir. İstintaq zamanı məlum olub ki, dəstə üzvləri eyni üsulla Abşeron və Bakı şəhərində mağazalarda quraşdırılan terminallardan oğurluq ediblər. Dəstənin digər üzvlərinin tutulması üçün istintaq tədbirləri həyata keçirilir. İlkin məlumatlara əsasən, oğurluqla məşğul olan dəstə digər rayon və şəhərlərdə də bu kimi oğurluq əməllərini həyata keçiriblər və əldə olunan vəsait dəstə üzvləri arasında bölünüb".

Faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi