Yuxarı

Azərbaycanda məşhur tikinti şirkəti dələduzluqda ittiham olunub - ƏLAVƏ OLUNUB

Vətəndaş şirkət rəhbərliyinin 150 min dollardan çox pulunu mənimsədiyini bildirib

Bakı. 19 yanvar. REPORT.AZ/ “Nehrəm” MTK-nın rəhbərliyindən hüquq-mühafizə orqanlarına müraciət edilib. “Report”un xəbərinə görə, Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət edən Rafael Əlizadə adlı vətəndaş MTK-nın 2014-2015-ci illərdə onun ümumilikdə 150 min dollardan çox pulunu mənimsədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Nehrəm” MTK-nın təsisçisi Tağı İbrahimovdur. T.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşıdır.

Məsələ ilə bağlı “Nehrəm” MTK sədri Vasif İsmayılov açıqlama verib. V.İsmayılov “Report”a bildirib ki, Rafael Əlizadənin “Nehrəm” MTK-ya qarşı olan şikayətinin heç bir qanuni əsası yoxdur: “O, MTK-dan heç vaxt və heç bir mənzil almayıb və MTK-ya heç bir məbləğ ödəməyib. Həmin şəxs təxminən 4 il bundan öncə guya MTK-nın inşa etdirdiyi binadan mənzil aldığı barədə MTK-nın ofisinə müraciət edib. Araşdırma zamanı müəyyən edilib ki, Rafael Əlizadə Rusiya Federasiyasında yaşayarkən mənzil almaq üçün MTK-nın 2005-2009-cu illərdə podratçısı olmuş və bütün işləri yarımçıq qoyaraq qaçıb getmiş “Fəqan-1” MMC-nin rəhbəri Hüseynov Rauf Ağacəfər oğluna müəyyən məbləğdə pul ödəyib və “Fəqan-1” MMC-nin rəhbəri onunla mənzilin alışına dair saxta müqavilə bağlayıb. Bunu bilən Rafael Əlizadəyə izah olunub ki, hər hansı bir tələbi varsa “Fəqan-1” MMC-nin rəhbərinə qarşı irəli sürə bilər və Rauf Hüseynovun hərəkətindən məhkəməyə müraciət və yaxud hüquq-mühafizə orqanlarına şikayət edə bilər”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi