Azərbaycanda məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb

Hadisə
  • 15 avqust, 2017
  • 08:06
Azərbaycanda məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb

Bakı. 15 avqust. REPORT.AZ/ Təhsil Nazirliyində respublika üzrə ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlanılması ilə bağlı brifinq keçirilib.

"Report"un məlumatına görə, nazirliyin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov bildirib ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir.

Brifinqdə qeyd olunub ki, avqustun 15-dən etibarən regionlarda yerləşən ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb. Məktəbəhazırlıq qrupları üçün tələb olunan sənədlərə uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnaməsi; Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi; Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi; Xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U), 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və məktəb direktorunun adına ərizə daxildir.

Sənədlərin qəbulu sentyabrın 15-dək davam edəcək.

Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunur.

Dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir.

Bu qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib.

Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayıb, mayın 31-də başa çatacaq.

Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu avqustun 1-dən elekton formada həyata keçirilir.