Yuxarı

​Azərbaycanda məktəb direktorunun oğluna hökm oxunub

O, 1 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Səbail Rayon Məhkəməsində Ə.N-ya (adı şərti olaraq göstərilib) qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən İsmayıllı rayonunun Gideyli kənd sakini, 1986-cı il təvəllüdlü Aqşin Həsən oğlu Məmmədovun məhkəməsi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə A.Məmmədova hökm oxunub.

Məhkəmənin hökmü ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən A.Məmmədov 1 il müddətinə azadlıqdan məhrum edilib.

Lakin zərərçəkən şəxs məhkəmənin hökmündən apellyasiya şikayəti verib. Ə.N-nin vəkili tərəfindən hazırlanan şikayətdə Bakı Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin hökmünü ləğv edib, A.Məmmədov barəsində Cinayət Məcəlləsinin 152-ci maddəsinin sanksiyası həddində 2 ildən daha ağır cəza, yəni 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini istəyib.

Qeyd edək ki, A.Məmmədov yetkinlik yaşına çatmış şəxs olaraq sevgi münasibətlərində olduğu, uzaq qohumu, 16 yaşına çatmadığı ona məlum olan 1998-ci il təvəllüdlü Ə.N-nı idarə etdiyi "Mercedes Benz C220CDİ" markalı avtomobillə 14 dekabr 2013-cü il tarixdə "Araz" hazırlıq kursuna aparan zaman yolüstü Bakı şəhəri, Səbail rayonu, Şıxov çimərliyinə, kənar şəxslərin olmadığı əraziyə aparıb və avtomobildə bir-birilərini qarşılıqlı öpüb, sonra isə cinsi ehtirasının təmin edilməsi məqsədilə Ə.N-nin bədəninin digər nahiyələrinə toxunaraq sonuncu ilə seksual xarakterli başqa hərəkətlər edib.

A.Məmmədov Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham olunub.

Xatırladaq ki, A.Məmmədov İsmayıllı rayonu Gideyli kənd orta məktəbinin direktoru Həsən Məmmədovun oğludur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi