Yuxarı

Azərbaycanda məktəb direktorunun cinayət işi məhkəməyə göndərilib

İstintaq dövründə dövlət büdcəsinə vurulmuş ziyanın tam məbləğdə ödənilməsi təmin edilib

Bakı. 25 dekabr. REPORT.AZ/ Füzuli rayonu Qarabağ kənd uşaq musiqi məktəbinin vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanun pozuntuları ilə əlaqədar Füzuli rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Aparılmış istintaqla Qarabağ kənd uşaq musiqi məktəbinin sabiq direktoru Quliyev Elxan İsmayıl oğlunun həmin vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, 2011-2014-cü illərdə rayon ərazisində keçirilən mədəni-kütləvi tədbirlərdə iştirak etmək məqsədilə ayrı-ayrı incəsənət adamlarını həmin tədbirə cəlb edib gördükləri iş müqabilində onlara pul vermək məqsədilə qanunsuz olaraq məktəbdə müəllim kimi rəsmiləşdirib dərs saatları yazmaqla əmək haqqı hesablayaraq adlarına hazırlanmış plastik kartlar vasitəsilə ümumilikdə 63.938 manat məbləğində büdcə vəsaitinin alınmasını təşkil etməsində əsaslı şübhələr olduğundan iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin 308.1, 309.1 və 313-cü maddələrində nəzərdə tutulan ittiham elan edilib.

İstintaq dövründə dövlət büdcəsinə vurulmuş ziyanın tam məbləğdə ödənilməsi təmin olunub.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Füzuli rayon Məhkəməsinə göndərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi