Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycanda Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılan şəxs məhkəmə prosesində bəraət alb. "Report"un məlumatına görə, üzərində narkotik vasitə gəzdirmək ittihamı ilə Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan 1985-ci il təvəllüdlü Çəndirov Tural Süleyman oğlu barəsində cinayət işi yekunlaşdırılaraq Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmə prosesi zamanı təqsirləndirilən T.Çəndirovun cinayəti sübuta yetirilmədiyindən ona bəraət verilib.
Qeyd edək ki, Nizami Rayon Məhkəməsinin qərarı Bakı Apelyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən də qüvvədə saxlanılıb.