Yuxarı

​Azərbaycanda iki ağır qətl hadisəsinin üstü açılıb

Hər iki cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir

Bakı. 10 sentyabr. REPORT.AZ/ Prokurorluq və polis orqanları əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində son günlər Xəzər və Kürdəmir rayonlarında törədilmiş ağır cinayətlərin üstü açılıb. “Report”un xəbərinə görə, bu barədə Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin (DİN) birgə yaydığı məlumatda bildirilib.

Belə ki, avqustun 26-da Bakı şəhər sakini Əzizə Həsənovanın Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İntensiv istintaq-əməliyyat tədbirləri ilə cinayətin Muxtar Qədirov və Rüfət İskəndərov tərəfindən törədilməsi müəyyən edilib və hər iki şəxs polis əməkdaşları tərəfindən yaxalanıb.

İstintaq zamanı onlar Əzizə Həsənovanın evinə quldurluq məqsədilə daxil olaraq qadını qətlə yetirdiklərini, sonra mənzildən 260 manat pul və 525 manat dəyərində qızıl-zinət əşyalarını götürdüklərini etiraf ediblər.

Bundan başqa, sentyabrın 8-də Kürdəmir rayonunun Ərəbqubalı kəndində yaşayan Emin Eminova məxsus bağ sahəsində kənd sakini, 14 yaşlı İzzət Babayevin meyiti tapılıb.

“İsti iz”lərlə İ.Babayevin bir gün əvvəl həmkəndlisi Seyran Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində boğularaq qətlə yetirildiyi müəyyən edilib və o, şübhəli şəxs qismində tutulub.

Hazırda hər iki cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi