Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycanda dövlət əmlakı hesab olunan yolların, körpülərin və digər infrastrukturların sayı artırılır. “Report” xəbər verir ki, bu barədə məsələ “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna edilən dəyişikliklərdə öz əksini tapıb.
Dəyişiklik layihəsi Milli Məclisin iclasında səsə qoyularaq qəbul edilib.
Qanunun 6-cı maddəsinə təklif edilən dəyişikliyə əsasən, ümumi istifadə olunan respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının yerləşdiyi torpaq sahələri və dəmir yolları, körpülər və tunellər dövlət əmlakı təsnifatına daxil edilir.
Xatırladaq ki, mövcud qanunda yalnız dövlət əhəmiyyətli avtomobil və dəmir yolları, körpülər və tunellər dövlət əmlakı təsnifatına daxildir.