Bakı. 8 mart. REPORT.AZ/ Respublikanın daxili işlər orqanları tərəfindən ölkədə informasiya proseslərinin mühafizəsi, sabitliyi, fasizləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, bu sahədə təhdidlərin qarşısının alınması, kibertəhlükəsizliyin təmin olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, 3 mart 2016-cı il tarixində Qaradağ Rayon Polis İdarəsinə (RPİ) Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” MMC-dən Bakı-Salyan avtomobil yolunun kənarında yerləşən kabel-kanalizasiya qurğularının yerləşdiyi quyuda olan dövlət əhəmiyyətli optik magistral rabitə kabelinin naməlum şəxs və ya şəxslər tərəfindən kəsilməsi barədə məlumat daxil olub.
Hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyi, Bakı Şəhər Baş Polis İdarəsi və Qaradağ RPİ-nin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb.
Həyata keçirilən tədbirlər nəticəsində həmin cinayət hadisəsinin Qaradağ rayon Ələt qəsəbə sakinləri – Əvəz Abbasov, Xəlil Cabbarov və Sübhan Dadaşzadə tərəfindən törədildiyi müəyyən edilib. Hər üç şəxs şübhəli şəxs qismində saxlanılaraq istintaqa təqdim olunub və onlardan kəsərək oğurladıqları 600 metr kabel maddi sübut kimi götürülüb.
Faktla bağlı Qaradağ RPİ-nin istintaq şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.






