Azərbaycanda 5170 baş heyvanda nodulyar dermatit virus xəstəliyi aşkarlanıb

Azərbaycanda 5170 baş heyvanda nodulyar dermatit virus xəstəliyi aşkarlanıb Xəstəliyin dinamikasında enmələr müşahidə edilir
Hadisə
11 Noyabr , 2014 14:17
Azərbaycanda 5170 baş heyvanda nodulyar dermatit virus xəstəliyi aşkarlanıb
Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycanın 35 rayonunda heyvanlar arasında nodulyar dermatit virus xəstəliyi aşkar olunub. Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən(DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu (Xanvəli) Həsənov məlumat verib.

Bu günə qədər 5170 baş heyvanda həmin xəstəliyin əlamətləri görünüb, 4614 baş heyvan tam sağalıb.

Onun sözlərinə görə, hazırda 357 baş heyvan müalicə altındadır: "Lakin 253 baş heyvan nodulyar dermatit virus xəstəliyindən tələf olub. Eyni zamanda, 2 gün bundan əvvəl Lənkəranda 7 baş heyvanda da bu xəstəlik qeydə alınıb. Digər rayonlarda isə xəstəliyin qeydə alınması yekunlaşmaq üzrədir. Güman edirik ki, dezinfeksiya, dezinseksiya və simptomatik müalicə tədbirləri, eləcə də havaların sərinləşməsi xəstəliyin azalmasına gətirib çıxaracaq".

Yolçu Xanvəli həmçinin qeyd edib ki, cari ilin sentyabr ayının sonlarından xəstəlik dəri formasından ağciyərə keçdiyindən, kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığına əsasən, DBNX-nin rəisi Sialə Rüstəmova və xidmət əməkdaşlarının rayonlarda nodulyar dermatit virus xəstəliyi baş vermiş ərazilərə səfəri və orada aparılan dezinfeksiya, dezinseksiya və simptomatik müalicə tədbirləri öz effektini verməkdədir. Artıq xəstəliyin dinamikasında enmələr müşahidə edilir.

Xidmət rəsmisi onu da qeyd edib ki, DBNX xəstəliyə qarşı mübarizədə bütün imkanları səfərbər edir və edəcək: "Hazırda xəstəliyə yoluxub müalicə edilən və müalicəsi davam etdirilən heyvanlara baxış keçirilir. Eləcə də xidmət əməkdaşları xəstəlik qeydə alınan kəndlərdə dezinfeksiya, dezinseksiya işləri aparmaqla, heyvanlarda simptomatik müalicə tədbirlərini davam etdirirlər. Bununla yanaşı, xidmət əməkdaşları hazırda xəstəlik qeydə alınan bölgələrdə monitorinqləri davam etdirir, xəstə heyvanların sağalması ilə əlaqədar dəqiqləşmələr aparırlar. Həmçinin, xəstəliyə qarşı bütün imkanlardan istifadə edilir".

Qeyd edək ki, xəstəliyin qarşısını almaq üçün kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığına əsasən xəstəlik qeydə alınan bütün rayonlara dərman preparatları göndərilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti nodulyar dermatit virus xəstəliyi ilə əlaqədar bildirir ki, ölkənin epizootik durumu tam nəzarətdə saxlanılır və xəstəliyə qarşı ciddi mübarizə tədbirləri ardıcıl olaraq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi