Yuxarı
    Bağlamaq

    Azərbaycanda 2 şagird narkotik cinayətinə görə məsuliyyətə cəlb edilib

    Əcnəbilərdən 17-si İran, 15-i Gürcüstan, 3-ü Türkiyə, 1-i Rusiya, 2-si Ukrayna, 1-i Türkmənistan vətəndaşı olub

    Bakı. 10 avqust. REPORT.AZ/ Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası bu ilin 6 ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizənin nəticələrinə dair məlumatları açıqlayıb. 

    Dövlət Komissiyasından “Report”a bildirilib ki, cari ilin 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 1953 fakt aşkar edilib. Onlardan 566-sı satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1297-si satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını qanunsuz olaraq əldə etmə və saxlama, 80-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 10-nu isə digərləri təşkil edib. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 657 kq 364,621 qr müxtəlif növ narkotik vasitələr və 787 ədəd çətənə kolu müsadirə olunub.

    Müsadirə olunan narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını 465 kq 331,557 qr marixuana, 109 kq 129,065 qr tiryək, 38 kq 328,239 qr heroin, 41 kq 202,591 qr həşiş, 3 kq 710,14 qr psixotrop maddələr və digərləri, o cümlədən 443 kq 185,690 qr çətənə kolu təşkil edib.

    Həmçinin, “Xaş-xaş” şərti ad altında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 90 ton 278 kq 60 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib.

    Cinayət məsuliyyətinə 1251 nəfər cəlb edilib ki, onlardan 5-i 18 yaşadək, 299-u 30 yaşadək, 906-sı 30 yaşdan yuxarı, 15-i fəhlə, 5-i qulluqçu, 2-si nəqliyyat işçisi, 2-si orta məktəb şagirdi, 1068-i işləməyənlər, 1 199-u kişilər, 11-i qadınlar, 39 nəfəri isə xarici ölkə vətəndaşları olub.

    Əcnəbilərdən 17-si İran İslam Respublikası, 15-i Gürcüstan, 3-ü Türkiyə, 1-i Rusiya Federasiyası, 2-si Ukrayna, 1-i Türkmənistan Respublikasının vətəndaşı olub.

    Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə məhkəmələrin qanuni qüvvəyə minmiş 197 hökmü üzrə müsadirə olunan 357 kq-dan (əlavə olaraq 3 118 ədəd çətənə kolu) artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr yandırma yolu ilə Məhvetmə Komissiyası tərəfindən məhv edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi