Azərbaycana psixotrop maddə gətirməkdə ittiham edilən İran vətəndaşının məhkəməsi başlayıb

Azərbaycana psixotrop maddə gətirməkdə ittiham edilən İran vətəndaşının məhkəməsi başlayıb Məhkəmənin növbəti iclası martın 6-na təyin edilib
Hadisə
1 Mart , 2018 16:52
Azərbaycana psixotrop maddə gətirməkdə ittiham edilən İran vətəndaşının məhkəməsi başlayıb
Report

Bakı. 1 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İran vətəndaşı olan 1969-cu il təvəllüdlü Gonbari Albari Ahad Abbas oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, G.Albari İrandan Azərbaycana psixotrop maddə gətirib. O həm psixotrop maddənin satışında, həm də istifadəsində təqsirli bilinir.

G.Albari ittihama münasibət bildirərkən özünü qismən təqsirli bildiyini söyləyib. O qeyd edib ki, psixotrop maddənin istifadəçisi olub, amma satış məqsədi ilə əldə etməyib.

Daha sonra məhkəmədə G.Albarini hadisə zamanı saxlayan Nəsimi Rayonu Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları dindiriliblər. Onlar İran vətəndaşı saxlanılan zaman üzərindən psixotrop maddə çıxdığını söyləyiblər.

Təqsirləndirilən şəxs də deyilənləri təsdiq edib.

G.Albari bildirib ki, üzərindən aşkar edilən maddə İranda apteklərdə açıq şəkildə satışdadır və dərman kimi istifadə olunur: "Həmin dərmanın Azərbaycanda psixotrop maddələr siyahısında olduğundan məlumatım yox idi".

Məhkəmədə elan olunub ki, növbəti iclasda şahid qismində Dövlət Gömrük Komitəsinin əməkdaşları da ifadə verəcəklər.

Məhkəmənin növbəti iclası martın 6-na təyin edilib.

Son xəbərlər

Orphus sistemi