Yuxarı
    Bağlamaq

    Azərbaycan prokurorluğunun nümayəndə heyəti Bolqarıstanda səfərdə olub

    Kamran Əliyev Bolqarıstanın baş prokuroru ilə görüşüb

    Bakı. 15 may. REPORT.AZ/ Azərbaycan baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda işgüzar səfərdə olub.

    Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. 

    Məlumata görə, səfər Azərbaycan və Bolqarıstan Baş Prokurorluqları arasında imzalanan əməkdaşlıq proqramına müvafiq olaraq iki ölkənin prokurorluq orqanları arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, təcrübə və işçi mübadiləsinin aparılması məqsədilə həyata keçirilib. 

    Səfər çərçivəsində nümayəndə heyəti Bolqarıstanın baş prokuroru Sotir Tsatsarov ilə görüşüb. Nümayəndə heyətini salamlayan baş prokuror ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hüquq mühafizə qurumları arasında uğurla inkişaf etdiyini vurğulayaraq Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Bolqarıstanın Veliko Tırnovo mədəni layihəsində fəal iştirakının iki ölkənin bir-birinə daha da yaxınlaşması işinə töhfə verdiyini bildirib.

    Səmimi qəbula görə minnətdarlığını bildirən nümayəndə heyətinin rəhbəri K.Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları, korrupsiyaya qarşı institusional və qanunverici tədbirlər, o cümlədən “ASAN” xidmət və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə ətraflı məlumat verib.

    Daha sonra nümayəndə heyəti Bolqarıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Xidmətinin rəhbəri Dimitar Georgiyev ilə görüşüb. Xidmətin fəaliyyəti barədə məlumat verən D.Georgiyev xidmət əməkdaşlarının korrupsiyaya qarşı mübarizə üzrə yaradılan xüsusi İşçi Qrupun işində əməliyyat-axtarış səlahiyyətlərinin həyata keçirilməsi məqsədilə iştirak etdiklərini bildirib.

    Azərbaycan nümayəndə heyəti 2011-ci ildən dövlət başçısının korrupsiyaya qarşı mübarizədə siyasi iradəsinin təcəssümü kimi ixtisaslaşmış anti-korrupsiya qurumu olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə əməliyyat-axtarış səlahiyyətlərinin verildiyini, bu qabaqcıl təcrübənin mötəbər beynəlxalq təşkilatlar tərəfindən digər ölkələr üçün nümunə kimi qəbul edildiyini qeyd edib.

    Səfər çərçivəsində Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik üzrə Dövlət Xidmətinin əməkdaşlarının cəlb edildiyi “Korrupsiyaya qarşı mübarizə üzrə xüsusi işçi qrup”unda, Bolqarıstanın ağır cinayətlər, terrorçuluğa qarşı mübarizə üzrə ixtisaslaşmış prokurorluğunda, həmçinin cinayət yolu ilə əldə edilmiş əmlakın qaytarılması üzrə komissiyasında görüşlər keçirilməklə cinayətkarlığa, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində qarşılıqlı münasibətlərin təkmilləşdirilməsi məqsədilə fikir mübadiləsi aparılıb.

    Səfərin sonunda nümayəndə heyəti Bolqarıstanın Veliko Tırnovo şəhərinə gedərək Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunu ziyarət edib.

    Keçirilən görüşlərdə Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova iştirak edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi