​Azərbaycan Dillər Universitetinin keçmiş prorektorunun apellyasiya şikayəti təmin edilməyib

​Azərbaycan Dillər Universitetinin keçmiş prorektorunun apellyasiya şikayəti təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb
Hadisə
6 İyul , 2016 09:19
​Azərbaycan Dillər Universitetinin keçmiş prorektorunun apellyasiya şikayəti təmin edilməyib

Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) aşkarlanmış maliyyə pozuntularında təqsirləndirilən Elsevər Həmid-zadə barəsində şərti məhkumetmənin ləğv olunması və məhkumluğunun götürülməsi ilə bağlı verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, E.Həmid-zadənin apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Azərbaycan Hesablama Palatasının 2012-ci il sentyabrın 19-da yaydığı məlumatda bildirib ki, Palatanın son kollegiya iclasında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən “Təhsil” bölməsi üzrə Azərbaycan Dillər Universitetinə (ADU) ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunması üzrə auditin nəticələri müzakirə olunub.

Universitetin məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə hallarına yol verilməklə, dövlətə külli miqdarda zərər vurulduğunu nəzərə alaraq Kollegiya tərəfindən auditin nəticələri üzrə materialların Baş Prokurorluğa göndərilməsi və bu barədə Milli Məclisə məlumat verilməsi qərara alınıb.

Həmin il sentyabrın 24-də Baş Prokurorluğun yaydığı məlumata görə, ADU-nun 2007-2012-ci illəri əhatə edən dövrün dövlət büdcəsindən ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar vəsaitlərin istifadə olunması vəziyyətinin yoxlanılmasına dair Hesablama Palatasından daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Müəyyən edilib ki, universitetin maddi məsul şəxsləri tərəfindən təftişlə əhatə olunan dövrdə müəllimlərə qanunsuz olaraq artıq saxlanılmış qruplar üzrə tədris olunmuş dərs saatlarına görə, vəzifə maaşlarına əlavələrin düzgün hesablanmamasına görə, habelə universitetin bir sıra əməkdaşlarına normadan artıq iş tarifləşdirilərək artıq əmək haqqı ödənildiyinə, habelə təhsil müəssisəsinin əməkdaşları olmayan şəxslərin adına açılmış əmək haqqı kartlarına qanunsuz olaraq pul vəsaiti köçürülməklə külli miqdarda dövlət vəsaiti mənimsəmə və israf etmə yolu ilə talanıb.

Bundan başqa, universitetdə müxtəlif tədbirlərin keçirilməsi adı altında müvafiq təsdiqedici sənədlər olmadan kassadan saxta ödəmə cədvəlləri tərtib edilməklə, həmçinin yanacaq xərclərinə görə külli miqdarda dövlət vəsaiti mənimsənilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə prorektor E.Həmid-zadə və universitetin daha 4 əməkdaşı, həmçinin Səbuhi Cəfərov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. İbtidai istintaq və məhkəmə zamanı təqsirləndirilən şəxslərdən yalnız Səbuhi Cəfərov barəsində həbs qərarı çıxarılıb. Cinayət işi başlayandan sonra isə E. Həmid-zadə vəzifəsindən azad olunub. S.Cəfərov universitetdə işləməyib. O, universitetə kompüter və digər texniki vasitələrin satışını həyata keçirib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Cəfərov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər şəxslər barəsində isə 3 il müddətinə şərti cəza seçilib.

Xatırladaq ki, E.Həmid-zadə barəsində şərti məhkumetmənin ləğv olunması və məhkumluğunun götürülməsi üçün Xətai Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə həmin şəxsin ərizəsini təmin etməyib. Lakin E.Həmid-zadə məhkəmə qərarından apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi