​Azərbaycan DİN və Baş Prokurorluğu Gəncədəki ağır cinayət hadisəsi ilə bağlı rəsmi məlumat yayıb

​Azərbaycan DİN və Baş Prokurorluğu Gəncədəki ağır cinayət hadisəsi ilə bağlı rəsmi məlumat yayıb Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir
Hadisə
13 Noyabr , 2014 15:51
​Azərbaycan DİN və Baş Prokurorluğu Gəncədəki ağır cinayət hadisəsi ilə bağlı rəsmi məlumat yayıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğu Gəncədə baş verən ağır cinayət hadisəsi ilə bağlı birgə rəsmi məlumat yayıb. “Report”un xəbərinə görə, birgə məlumatda bildirilib ki, respublikanın daxili işlər və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə daha bir ağır cinayətin üstü açılıb və həmin hadisəni törətməkdə şübhəli bilinən şəxslər tutulublar.

Məlumatda xatırladılıb ki, noyabrın 7-də Gəncə şəhərinin Ü.Hacıbəyli küçəsində yaşayan Pərvanə İsmayılovaya məxsus birotaqlı evdə yanğın baş verib. Yanğın söndürüldükdən sonra ev sahibinin əlləri və ayaqları naqillə bağlanmış halda qismən yanmış meyiti tapılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş tədbirlərlə müəyyən edilib ki, Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Rüstəm Hüseynov və Müşfiq Cəlilov həmin tarixdə tamah məqsədilə yaşadığı mənzilə daxil olaraq Pərvanə İsmayılovanı xüsusi amansızlıqla qətlə yetiriblər. Daha sonra onlar sonuncuya məxsus nağd pul, qızıl-zinət və digər qiymətli əşyaları götürərək cinayətin izini itirmək məqsədilə mənzili və meyiti yandırıblar.

İstintaq hərəkətləri ilə həmçinin o da müəyyən olunub ki, M.Cəlilov və R.Hüseynov bu il oktyabrın 1-də gecə saatlarında maska geyinməklə Gəncə şəhər sakini Dilarə Qasımovanın da yaşadığı mənzilə daxil olaraq quldurluq hadisəsi törədib, bıçaqla hədə-qorxu gələrək mənzildən xeyli miqdarda qızıl-zinət əşyaları aparıblar.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi