Yuxarı

Azərbaycan Baş Prokurorluğunun və DİN-in əməkdaşları German Sterliqovu dindirmək üçün Moskvaya gediblər

Onun barəsində Azərbaycanın Cinayət Məcəlləsinin 281.2 və 318.2-ci maddələri ilə cinayət işi başlanılıb və dövlətlərarası axtarışa verilib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi (DİN) Dağlıq Qarabağa qanunsuz səfər edən rusiyalı iş adamı German Sterliqovla bağlı birgə məlumat yayıb. 

DİN mətbuat xidmətindən "Report"a verilən məlumata görə, “German Sterliqov Şirkətlər Qrupu”nun Direktorlar Şurasının rəhbəri German Sterliqov və onun ailə üzvləri Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək müvafiq qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2015-ci il 4 iyul tarixində işğal edilmiş ərazilərə daxil olub: "Bundan başqa, German Sterliqov qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə 2015-ci il iyulun 13-də Şuşa şəhərində mətbuat kofransı keçirib və özünə məxsus “V Kontakte” sosial şəbəkəsinə aid səhifədə məlumatlar yerləşdirərək qondarma rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına, dini və etnik zəmində təfriqəyə, işğal olunmuş ərazilərdə təbii sərvətlərin istismarına, pul vahidlərinin kəsilməsinə və çirkli pulların yuyulmasına yönələn açıq çağırışlar edib, həmçinin qanunsuz biznes fəaliyyəti ilə məşğul olaraq ailə üzvlərini də bu işə sövq edib".

Baş Prokurorluq və DİN-in birgə məlumatına əsasən, G.Sterliqovun hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə cinayətlərinin tərkibi olduğundan fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb və o, dövlətlərarası axtarışa elan edilib. 

2015-ci il avqust ayının 31-də, saat 17 radələrində German Sterliqov İrəvandan Moskvaya gələrkən Rusiyanın hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən "Domodedovo" hava limanında saxlanılmış və gecə saat 01 radələrində Rusiya Federasiyasının ərazisini tərk etməmək şərti ilə müvəqqəti olaraq sərbəst buraxılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin təcrübəli əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu German Sterliqovun yuxarıda göstərilən cinayətlərdə təqsirləndirilən şəxs qismində dindirilməsi üçün Moskva şəhərinə ezam olunub.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi