Azərbaycan Baş Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

Azərbaycan Baş Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib Baş Prokurorluğun geniş kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilib
Hadisə
7 Yanvar , 2015 18:03
Azərbaycan Baş Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

Bakı. 7 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Baş Prokurorluğunda 2014-cü ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Müşavirədə digər məsələlərlə yanaşı, xüsusi göstəriş verilib ki, Baş Prokurorluğun müvafiq qurumları qaz təchizatı sahəsində fəaliyyət göstərən və bu sahəyə dövlət nəzarətini həyata keçirən müvafiq icra strukturları və dövlət təsisatları ilə əlaqəli şəkildə, insanların ölümünə və xəsarət almasına, ölkə iqtisadiyyatına külli miqdarda ziyan dəyməsinə səbəb olan qaz partlayışları və dəm qazından zəhərlənmə hadisələrini doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilsin.

Əməliyyat müşavirəsində hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil və ciddi tənqid olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi zamanı yol verilən nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi barədə konkret tapşırıqlar verilib.

Baş Prokurorluğun Təşkilat-analitik və Kadrlar idarələri, habelə digər struktur qurumların rəhbərlərindən tələb edilmişdir ki, əməkdaşların fəaliyyətlərində aşkara çıxarılan neqativ təzahürlərə qarşı mübarizə xətti qətiyyətlə davam etdirilsin, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi məsələlərində prinsipiallıq daha da artırılsın.

Müşavirədə prokurorluq orqanlarında informasiya kommunikasiya texnologiyalarının, o cümlədən “Elektron Sənəd Dövriyyəsi” və “Elektron Cinayət” İnformasiya proqramlarının tam fəaliyyət göstərməsi, bu sahədə həyata keçirilən işin səmərəliliyinin artırılması barədə tapşırıqlar verilib.

Eyni zamanda, 2014-cü il ərzində görülmüş işlərin vəziyyətinin ümumiləşdirilməklə nəticələrinin təsdiq edilmiş cədvələ uyğun olaraq, Baş Prokurorluğun idarə və şöbələrində müzakirələrin aparılması, habelə Baş Prokurorluğun geniş kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi