“Az Fish” şirkətinin vəzifəli şəxslərinə cinayət işi açıldı

“Az Fish” şirkətinin vəzifəli şəxslərinə cinayət işi açıldı İstintaqın gedişatı barədə ictimaiyyətin məlumatlandırıması təmin ediləcək
Hadisə
137
30 Mart , 2021 11:00
“Az Fish” şirkətinin vəzifəli şəxslərinə cinayət işi açıldı

“Az Fish” şirkətinin vəzifəli şəxslərinə cinayət işi başlanılıb.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluq tərəfindən kütləvi informasiya vasitələri və sosial media səhifələrində dərc olunan məlumatlar yaxından izlənilməklə, cəmiyyətdə aktuallığı ilə seçilən məsələlər, xüsusilə də ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və təhlükəsizlik ilə bağlı məsələlər daim diqqət mərkəzində saxlanılır.

Belə ki, Xaçmaz rayonu, Sərəkli kəndi ərazisində yerləşən gölün ətrafının “Az Fish” MMC tərəfindən balıqçılıq fəaliyyəti ilə məşğul olmaq üçün hasarlanması, kənd sakinlərinin əraziyə buraxılmasının qadağan edilməsi və ərazidən pis qoxunun gəlməsinin yerli sakinlərin ciddi narazılığına səbəb olmasına dair KİV-də yayılmış videoreportaj və digər materiallar Baş Prokuror tərəfindən nəzarətə götürülməklə fakt üzrə araşdırmanın aparılması Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə tapşırılıb.

Aparılan araşdırmalarla “Az Fish” MMC-nin balıqçılıq fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyası olmadan Xaçmaz rayonu, Sərəkli kəndi ərazisində icarə müqaviləsində nəzərdə tutulduğundan dəfələrlə artıq torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına zəbt edərək hasarlamasına, bununla da Cəmiyyətin vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Yoxlama zamanı toplanan materiallarda torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma və vəzifə səlahiyyətlərindən sui istifadə ilə bağlı cinayətlərin əlamətləri müəyyən olunduğundan, fakta görə “Az Fish” MMC-nin vəzifəli şəxsləri barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayəti işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğunun İstintaq idarəsinə həvalə edilib.

İstintaqın gedişatı barədə ictimaiyyətin məlumatlandırıması təmin ediləcək.

Son xəbərlər

Orphus sistemi