Axtarış-xilasetmə Qərargahı: İtkin düşən neftçilərin axtarışına 700-dən çox canlı qüvvə cəlb edilib

Axtarış-xilasetmə Qərargahı: İtkin düşən neftçilərin axtarışına 700-dən çox canlı qüvvə cəlb edilib Sahilboyu ərazilərdə axtarış tədbirləri həyata keçirilməkdədir
Hadisə
18 Dekabr , 2016 12:03
Axtarış-xilasetmə Qərargahı: İtkin düşən neftçilərin axtarışına 700-dən çox canlı qüvvə cəlb edilib

Bakı. 18 dekabr. REPORT.AZ/ “Azneft” İB-nin Xəzər dənizində yerləşən N.Nərimanov adına NQÇİ-də baş vermiş qəza nəticəsində itgin düşmüş 9 neftçinin axtarışına 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə cəlb olunub.

"Report" xəbər verir ki, bu barədə Axtarış-xilasetmə Qərargahın yaydığı məlumatda bildirilir.

Məlumata görə, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il Sərəncamına əsasən yaradılmış Qərargah tərəfindən Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin mütəxəssislərinin iştirakı ilə axtarış-xilasetmə əməliyyatlarının planı təsdiq olunaraq, axtarış-xilasetmə sektorları müəyyən edilmiş və qeyd olunan plana uyğun olaraq tədbirlər həyata keçirilməsi təmin edilməkdədir.

"Hazırda qeyd olunan Plan üzrə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-yə məxsus ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə cəlb edilməklə intensiv axtarış-xilasetmə işləri davam etdirilməkdədir", - deyə məlumatda qeyd olunur.

Eyni zamanda bildirilir ki, sahilboyu ərazilərdə Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin canlı qüvvələri tərəfindən axtarış tədbirləri həyata keçirilməkdədir. Əlavə olaraq, Qərargah tərəfindən axtarış-xilasetmə sektorlarının əhatə etdiyi ərazilər üzrə rayon icra hakimiyyətləri də müvafiq qaydada təlimatlandırılıb. Qərargah tərəfindən həyata keçirilən tədbirlər barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq.

Son xəbərlər

Orphus sistemi