​AXCP üzvünün kassasiya şikayəti üzrə proses təxirə salınıb

​AXCP üzvünün kassasiya şikayəti üzrə proses təxirə salınıb Məhkəmə aprelin 15-də keçiriləcək
Hadisə
13 Aprel , 2016 10:00
​AXCP üzvünün kassasiya şikayəti üzrə proses təxirə salınıb

Bakı. 13 aprel. REPORT.AZ/ Bu gün Ali Məhkəmədə külli miqdarda narkotik maddə saxlamaqda təqsirləndirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Murad Ədilovla bağlı məhkəmə qərarından verilmiş kassasiya şikayəti üzrə məhkəmə iclası təxirə salınıb.

"Report"un məlumatına görə, hakim İlham Cəfərovun sədrliyi ilə keçirilməli olan prosesin təxirə salınmasına səbəb kimi məhkəmə heyətinin ezamiyyətdə olması göstərilib.

Məhkəmə aprelin 15-nə təxirə salınıb.

Qeyd edək ki, M.Ədilov 2014-cü il avqust ayının 11-də Sabirabad rayonunda, yaşadığı Xəlfəli kəndində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi əməliyyat-axtarış nəticəsində həbs edilib. Külli miqdarda narkotik maddə saxlamaqda təqsirli bilinərək M.Ədilov barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

2015-ci il may ayının 14-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Ədilov 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M.Ədilov apellyasiya şikayəti ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə AXCP üzvünün şikayətini təmin etməyib. Daha sonra M.Ədilov məhkəmə qərarından kassasiya şikayəti verib.

Xatırladaq ki, M.Ədilov hazırda Fransada mühacirətdə olan, AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun qardaşıdır.

Son xəbərlər

Orphus sistemi