Yuxarı
    Bağlamaq

    AXCP-nin sədr müşavirinin məhkəməsinin vaxtı açıqlanıb

    İclas aprelin 29-na təyin olunub

    Bakı. 24 Aprel. REPORT.AZ/ Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahim barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

    “Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas aprelin 29-na təyin olunub.
    İşə hakim Əflatun Qasımovun sədrliyi ilə baxılacaq.

    M.İbrahim 2014-cü ildə AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə 2015-ci il sentyabrın 30-da həbs olunub. Əvvəlcə ona qarşı Cinayət Məcəlləsinin (CM) 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. Hadisədən bir ay sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra M.İbrahimə qarşı ittiham irəli sürülən maddə ağırlaşdırılaraq CM-nin 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsinə tövsif olunub.

    Nərimanov Rayon Məhkəməsinin hökmü ilə M.İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan AXCP sədrinin müşaviri apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi