"Avropa" hotelində qətl törədən şəxslərin məhkəməsi keçirilib

"Avropa" hotelində qətl törədən şəxslərin məhkəməsi keçirilib Məhkəmənin növbəti iclası isə dekabrın 15-nə təyin edilib
Hadisə
8 Dekabr , 2015 15:52
Avropa hotelində qətl törədən şəxslərin məhkəməsi keçirilib

Bakı. 8 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Avropa" hotelində qətl hadisəsi törətməkdə təqsirləndirilən Sənan Quliyev və onun dostu Mövlud Səfərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə S.Quliyevin müdafiəçisi Cavid Rzazadə vəsatət qaldırıb.

O, məhkəmə istintaqının yenidən aparılmasını istəyib. Vəsatət təmin edilməyib.

Zərərçəkmişin hüquqi varisinin müdafiəçisi çıxış edərək, təqsirləndirilən hər iki şəxə məhkəmədən ən ağır cəza - ömürlük azadlıqdan məhrum edilmə - verilməsini istəyib.

Hakim son çıxış üçün təqsirləndirilən şəxslərin müdafiəçilərinə söz verib. Lakin vəkil Vasif İsrafilov çıxış üçün məhkəmədən bir ay vaxt istəyib.

Məhkəmənin növbəti iclası isə dekabrın 15-nə təyin edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror S.Quliyevin ömürlük, Mövlüd Səfərovun isə 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd esək ki, bu il aprelin 21-də "Avropa" hotelinin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri - "Zaminbank"ın Nəsimi filialının müdiri Azər Məmmədova ürək nahiyəsindən və otelin idman zalının qarışıq döyüş növləri üzrə məşqçisi Ruslan Əfəndiyevə isə döş qəfəsinin ön səthinin sol tərəfindən bıçaqla xəsarət yetirilib. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən Sənan Quliyev və onun dostu Mövlud Səfərov tutulub.

S.Quliyev və M.Səfərov Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə, 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə), 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə, 120.2.2-ci (qəsdlə adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə, 120.2.3-cü (qəsdlə adam öldürmə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) maddələrilə ittiham edilirlər.

Son xəbərlər

Orphus sistemi