Astarada 48 yaşlı qadın su anbarında boğulub -YENİLƏNİB-2

Astarada 48 yaşlı qadın su anbarında boğulub -YENİLƏNİB-2 Astara rayonunda su anbarına düşən qadın həyat yoldaşı ilə İran İslam Respublikasına gedərkən ayaqqabılarını və əl-üzünü yumaq üçün su anbarına gedib.
Hadisə
16 İyul , 2019 13:29
Astarada 48 yaşlı qadın su anbarında boğulub -YENİLƏNİB-2

Astara rayonunda su anbarına düşən qadın həyat yoldaşı ilə İran İslam Respublikasına gedərkən ayaqqabılarını və əl-üzünü yumaq üçün su anbarına gedib. 

"Report"un yerli bürosunun mərhumun yaxın qohumlarından əldə etdiyi məlumata görə, qadının həyat yoldaşı Bəşir Əzizov onu yol kənarında 15 dəqiqə gözlədikdən sonra A.Məmmədovadan bir xəbər olmadığı üçün su anbarına gəlib. Suyun üzərində arvadının paltarını görən Bəşir Əzizov onun batdığını anlayıb və suya girərək cansız bədənini çıxarıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, 1971-ci il təvəllüdlü A.Məmmədova 6 övlad anası idi. Bu, Lovayın su anbarında son iki il ərzində 6-cı boğulma hadisəsidir.


*** 12:38

Astara rayonunda su anbarına düşərək boğulan qadının şəxsiyyəti məlum olub. 

"Report"un  yerli bürosu xəbər verir ki, rayonun Dürriyə kənd sakini Ağabacı Canhəsən qızı Məmmədova ehtiyatsızlıqdan su anbarına yıxılaraq boğulub. 

 Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar başlanılıb. 


*** 11:23

Astara rayonunda orta yaşlı qadın su anbarında boğulub.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Kijəbə qəsəbəsində yerləşən Lovayın su anbarında qeydə alınıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı qadının meyitini sudan həyat yoldaşının çıxardığı bildirilir. 

Son xəbərlər

Orphus sistemi