Bakı
"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində mərhumun münasibətdə olduğu deyilən şəxs ifadə verib.
Məhkəməyə sədrlik edən hakim məhkəmənin bu mərhələsinin qapalı keçiriləcəyini elan edib.
Hakim bunu şahidin təhlükəsizliyinin təmin edilməsi ilə əsaslandırıb.
Daha sonra sənədlərin tədqiqinə başlanılıb. Sənədlər elan edilən zaman məlum olub ki, ekspertiza rəyində təqsirləndirilən Tufan Qurbanovun hadisəni törədən zaman anlaqlı olduğu göstərilib.
Hakim məhkəmə istintaqının başa çatdığını elan edib və söz dövlət ittihamçısına verilib.
Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Proses sentyabrın 13-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə 2019-cu il fevralın 11-də baş verib.
Bakının Binəqədi rayonu, İsfahanlı küçəsindəki şəxsi mənzillərdən birində 40 yaşlı Qurbanova Lalə Həsən qızı xüsusi amansızlıqla qətlə yetirilib.
Araşdırma zamanı məlum olub ki, onu əri Tufan Qurbanov mətbəx bıçağı ilə 18 zərbə vuraraq qətlə yetirib. Daha sonra isə boğazını kəsib.
Cinayəti törətdikdən sonra polis bölməsinə təslim olan 49 yaşlı Tufan qətli namus üstündə törətdiyini deyib. O, xanımının başqa şəxslə əlaqəsinin olduğunu düşünüb.