Oktyabrın 25-də Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin yeni təyin olunmuş rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.
Bu barədə "Report"a ANAMA-dan məlumat verilib.
Bildirilib ki, Vüqar Süleymanov, Vladanka Andreyevanı təyinatı münasibətilə təbrik edib, ölkəmizdə fəaliyyəti dövründə uğurlar arzulayıb.
İşğaldan azad edilən ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları, dövlətin prioritetlərinə əsasən planlaşdırılan layihələr, eləcə də mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilmə proqramı çərçivəsində həyata keçirilən fəaliyyət barədə məlumat təqdim olunub.
Görüşdə Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə sahəsində ANAMA ilə BMT arasında mövcud olan sıx əməkdaşlıq tarixçəsi vurğulanıb. Həmçinin, mina qurbanlarına yardım, beynəlxalq standardlar əsasında milli minatəmizləmə standardlarının təkmilləşdirilməsi və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə fəaliyyətinə mümkün dəstəyin göstərilməsinə dair müzakirələr aparılıb.
BMT-nin rezident əlaqələndiricisi minatəmizləmə istiqamətində görülən işlərin həcmindən təsirləndiyini və müzakirə edilmiş mövzular üzrə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.