AMEA-nın müxbir üzvü vəfat edib

AMEA-nın müxbir üzvü vəfat edib Elbrus Əlizadə bu gün səhər saatlarında evində dünyasını dəyişib
Hadisə
29 Dekabr , 2016 13:37
AMEA-nın müxbir üzvü vəfat edib

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan elminə ağır itki üz verib.

“Report” xəbər verir ki, tanınmış alim, Azərbaycan Respublikasının dövlət mükafatı laureatı, Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə bu gün səhər saatlarında evində dünyasını dəyişib.

Ailə üzvlərinin “Report"a verdiyi məlumata görə, mərhum səhər saatlarında işə getmək üçün hazırlaşarkən qəflətən infarkt keçirib: “Elbrus Əlizadə ilə vida mərasimi evində olacaq".

Qeyd edək ki, E.Əlizadə 1957-ci il martın 4-də Ağdaş rayonun Alalbir kəndində anadan olub, Ağdaş şəhərində orta məktəbdə təhsil alıb. O, 1979-cu ildə ADU-nun (indiki BDU) Geologiya-coğrafiya fakültəsinin coğrafiya şöbəsini fərqlənmə diplomu ilə bitirib. Universiteti bitirdikdən sonra təyinatla Azərbaycan EA Coğrafiya İnstitutuna işə göndərilib, həmin institutda baş laborant vəzifəsindən bölmə müdiri, baş elmi işçi, direktor müavini vəzifələrinədək yüksəlib.

1984-cü ildə “Cənub-Şərqi Qafqazın cənub yamacının relyefinin kosmofotoşəkillərinin deşifrələnmə materiallarının tətbiqi ilə morfostruktur təhlil” mövzusunda namizədlik, 2004-cü ildə “Alp-Himalay qovşaq zonası mərkəzi hissəsinin şərq seqmenti dağ sistemlərinin morfostruktur differensiasiyası qanunauyğunluqları” mövzusunda doktorluq dissertasiyasılarını müdafiə edib. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.

Alim 1992-ci ildən BDU-nun Coğrafiya fakültəsində mühazirə oxuyub. 2005-ci ildən həmin fakültənin “Fiziki coğrafiya” kafedrasının professoru olub.

E.Əlizadə 250-dən çox elmi əsərin müəllifi idi.

Görkəmli alimin əsas elmi nailiyyətləri Azərbaycan ərazisinin dağlıq ərazilərinin morfostruktur quruluşunun kosmik materiallın deşifrələnmə materiallarının tətbiqi ilə tədqiqinə, kosmik şəkillərin struktur-geomorfoloji deşifrələnmə metodlarının işlənilməsinə, geomorfoloji risklərin qiymətləndirilməsinə, geodinamik-gərgin ərazilərin öyrənilməsinə, Böyük və Kiçik Qafqaz dağlarının, geosistemlərinin ekogeomorfoloji tədqiqinə, müasir dağ ekegeokomplekslərinin formalaşmasına, kompleks endo-ekzodinamiki amillərin təsir dərəcələrinin müəyyən edilməsi və digər elmi problemlərə həsr olunub.

Alim YUNESKO-nun nəzdində Rusiya Federasiyasının Vladikavkaz şəhərində fəaliyyət göstərən "Dağların tarazlı inkişafı" elmi mərkəzinin Müşahidəçilər Şurasının üzvü, 2008-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Yer Elmləri” ixtisasları üzrə Ekspert Şurasının üzvü, 2011-ci ildən isə elmi katibi idi.

Prezident İlham Əliyevin 2016-cı il mayın 26-da imzaladığı sərəncamla elmə verdiyi töhfələrə və yorulmaz yaradıcılıq fəaliyyətinə görə Azərbaycan Respublikasının dövlət mükafatına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi