“AMAY”ın rəhbərinin apellyasiya şikayətinə baxılacaq tarix açıqlanıb

“AMAY”ın rəhbərinin apellyasiya şikayətinə baxılacaq tarix açıqlanıb Məhkəmənin ilkin baxış iclası oktyabrın 30-na təyin edilib
Hadisə
26 Oktyabr , 2015 09:27
“AMAY”ın rəhbərinin apellyasiya şikayətinə baxılacaq tarix açıqlanıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdullayev Abdulla Fərəc oğlu və həmin ticarət mərkəzinin direktoru Novruzov Elşən Firudin oğlunun barələrində olan hökmdən verilmiş apellyasiya şikayətinin baxılacağı tarix açıqlanıb.

“Report”un xəbərinə görə, məhkəmənin ilkin baxış iclası oktyabrın 30-na təyin edilib.

A.Abdullayev və E.Novruzovun müdafiəçiləri tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən şikayətə hakim Əflatun Qasımovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, A.Abdullayev bu il aprelin 4-də həbs edilib. Baş Prokurorluğun rəsmi məlumatına görə, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş A.Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib.

O Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

Sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində A.Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib. E.Novruzova isə 9 il həbs cəzası verilib.

Son xəbərlər

Orphus sistemi