Bakı. 7 sentyabr. REPORT.AZ/ Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov Bakı Metropolteninin keçmiş rəisi Tağı Əhmədovun qardaşı oğlu Əli Əhmədovla üzləşdirilib.
Bu barədə "Report"a A.Çovdarovun vəkili Sadiq Rəsulov məlumat verib.
Vəkilin sözlərinə görə, üzləşmə zamanı ziddiyyət yaranıb: "Əli Əhmədovun istintaqda verdiyi ifadəsi ilə üzləşmə zamanı dediyi sözlər arasında ziddiyyət oldu. Əli Əhmədov ittihamda göstərilən 2 milyon 917 min 300 manat pulu Akif Çovdarova harada verməsi barədə soruşularkən ərazini dəqiq deyə bilmədi. Burada onun yalan danışdığı açıq şəkildə bəlli olur".
Vəkil qeyd edib ki, onlar istintaq zamanı T.Əhmədovun özünün də A.Çovdarovla üzləşdirilməsini istəyib. Lakin müvafiq vəsatət təmin olunmayıb.
Xatırladaq ki, istintaq materiallarına əsasən, A.Çovdarov T.Əhmədovdan 3 milyon manata yaxın pul alıb. İstintaq materiallarına əsasən, pulu A.Çovdarova T.Əhmədobun qardaşı oğlu Ə.Əhmədov çatdırıb.
Qeyd edək ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.
A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.