Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşının məhkəməsində şahid dindirilib

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşının məhkəməsində şahid dindirilib Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin mühasibi olmuş Zərifə Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hadisə
10 avqust 2023 12:36
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşının məhkəməsində şahid dindirilib

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin mühasibi olmuş Zərifə Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Əminə Əlibabayeva ifadə verib.

O bildirib ki, təqsirləndirilən şəxsin çalışdığı qurumun xarici auditini aparıb: "Bank köçürmələri və maliyyə məsələlərini yoxlamışam. Audit zamanı bank əməliyyatlarında uyğunsuzluq aşkarlandı. Biz xarici auditlə məşğul olduğumuz üçün daxili audit aparmırıq. Xarici audit zamanı da nöqsanlar aşkarlandı, köçürmələrdə fərq yarandı. Ola bilsin ki, bank köçürmələrində xarici valyutanın kursu səhv göstərilib, əmək haqları hesablanması düz hesablanmayıb. Bu proses də nəticədə özünü göstərib”.

Məhkəmənin növbəti iclası sentyabrın 7-nə təyin edilib.

İttihama görə, Zərifə Abbasova 1 mart 2008-ci ildən 18 yanvar 2023-cü ilə qədər Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin mühasibi vəzifəsində işləyib. O, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək üçün Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə köçürülən pulları mənimsəmək üçün Nümayəndəliyin rəhbəri Peter Mixalko və digər şəxsin imza, həmçinin möhürünü ələ edib.

Z.Abbasova ödəniş tapşırıqları ilə bağlı aylıq hesabatları qəsdən saxtalaşdırıb və Nümayəndəliyin Beynəlxalq Bankdakı hesabından pul vəsaitlərini ələ keçirib.

Belə ki, o, 2017-2022-ci illər ərzində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin mühasib vəzifəsində işləyərkən nümayəndəliyin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırıb, habelə saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda vəsaitləri öz əməkhaqqı kartına köçürərək sözügedən təşkilata məxsus 983 min 254 manatı mənimsəyib.

İstintaq sənədlərinə görə, Z.Abbasova qeyd olunan pul vəsaitini müxtəlif vaxtlarda Beynəlxalq Bankın bankomatlarından çıxartmağa nail olub.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Son xəbərlər

Orphus sistemi