Ağsu Rayonu İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Feyzullayev Sənan Nadir oğlu və Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun Ağsu rayonu üzrə məsləhətçisi Əsgərov Vüqar Səxavət oğlunun qanunsuz hərəkətləri ilə bağlı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilib.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Vüqar Əsgərov və Sənan Feyzullayevin cinayət əlaqəsinə girərək aidiyyəti dövlət orqanlarının səlahiyyətli vəzifəli şəxslərinin qərarlarına qanunsuz təsir göstərməklə Ağsu rayonu ərazisində yerin təkindən istifadəyə dair icazə verilməsi üçün vətəndaşdan müxtəlif məbləğlərdə pul vəsaiti tələb etmələrinə və almalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlar əsasında Vüqar Əsgərov və Sənan Feyzullayevə Cinayət Məcəlləsinin 312-1.1-ci (nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib.
Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması davam etdirilir.
Ağsu Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.
"Report"un əldə etdiyi xəbərə görə, hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatın icra hakimiyyətində korrupsiya halları ilə bağlı olduğu bildirilir.
Əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs saxlanılıb.