Bakı. 4 noyabr. REPORT.AZ/ Ağstafa rayonunda sələmçiliklə məşğul olan qadının evindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub.
"Report" xəbər verir ki, bu il mayın 16-da rayon sakini Səmayə Baxşıyevaya məxsus evdən quldurluq yolu ilə 13 100 ABŞ dolları, 1 800 manat və 1 000 ABŞ dolları dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Baş Cinayət Axtarışı İdarəsi və Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayonun Yenigün kənd sakini Nəsib Tağıyev tutulub və daha bir nəfər isə müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.