Yuxarı

Ağstafada qaçaqmalçı DSX-nın xəbərdarlıq atəşinə məhəl qoymayıb

Sürücü qurulmuş maneəni vurub keçib

Bakı. 15 fevral. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısını alıb. "Report"un xəbərinə görə, bu barədə DSX-nin rəsmi saytı məlumat yayıb.

Belə ki, Qazax rayonunun Babakər yüksəkliyi istiqamətində yerləşən sərhəd zasta­vasının xidməti sahəsindən Gürcüstandan Azərbaycana qaçaqmalın keçirilməsi barədə daxil olan məlumat əsasında ehtimal olunan ərazidə axtarış tədbirləri həyata keçirilib.

Tədbirlər nəticəsində saat 03:00 radələrində dövlət sərhəd xəttinin yaxınlığında 35 BH 057 dövlət nömrə nişanlı "Kamaz" markalı nəqliyyat vasitəsinə 5-6 nəfər tərəfindən iri buynuzlu mal-qaranın və müxtəlif ölçülü bağlamaların yüklənməsi aşkar edilib.

Axtarış qrupu tərəfindən yaxalanarkən havanın qaranlıq və dumanlı olma­sın­dan istifadə edən sərhəd pozucuları qaçaqmalı hadisə yerində qoyaraq Gürcüstan istiqamətində geri qaçmağa müvəffəq olublar.

"Kamaz" markalı nəqliyyat vasitəsinin sürücüsü sərhədçilərin havaya xəbərdarlıq atəşinə məhəl qoymayıb, avtomobili yüksək sürətlə hərbi qulluq­çuların üzərinə sürərək onların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıb və hadisə yerindən uzaqlaşmağa çalışıb.

Sərhədçilər tərəfindən məlumatlandırılan Dövlət Yol Polisi əməkdaşlarının saxlama tələ­binə tabe olmayan nəqliyyat vasitəsinin sürücüsü qurulmuş maneəni vurub keçib, avtomobilin yük yerindəki qaçaqmalı yerə salaraq onu təqib edənlər üçün maneə yaratmaqla qaçmağa cəhd göstərib.

Həyata keçirilən tədbirlər nəticəsində "Kamaz" markalı nəqliyyat vasitəsi Ağstafa rayonunun Poylu kəndi ərazisində saxlanılıb. Avtomobilin sürücü­sünün 1980-cı il təvəllüdlü, Qazax rayonu Daş Salahlı kənd sakini Süley­manov Samir Siyavuş oğlu olduğu müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 6 baş at, 30 baş buzov və 12 bağla­mada 90 adda 44 374 ədəd müxtəlif dərman pereparatlarından ibarət qaçaqmal aşkar edilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi