Ağstafada 83 yaşlı qadının evinə balta ilə basqın edən şəxsə hökm oxunub

Ağstafada 83 yaşlı qadının evinə balta ilə basqın edən şəxsə hökm oxunub Gəncə Ağır Cinayətlər Məhkəməndə quldurluq etməkdə təqsirləndirilən Şirzad Heydərovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.
Hadisə
14 Dekabr , 2021 14:54
Ağstafada 83 yaşlı qadının evinə balta ilə basqın edən şəxsə hökm oxunub

Gəncə Ağır Cinayətlər Məhkəməndə quldurluq etməkdə təqsirləndirilən Şirzad Heydərovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

“Report”un əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il iyulun 13-ü saat 23 radələrində Ağstafa rayonunun Aşağı Göycəli kəndində qeydə alınıb.

İttihama görə, kənd sakini, 1981-ci il təvəllüdlü Ş.Heydərov maska ilə qonşusu, 83 yaşlı Cəmilə Əliyevanın yaşadığı evə girib, onu balta və bıçaqla hədələyərək 10 manat pulunu, qızıl üzüyünü və sırğasını alıb, sonra otağın döşəməsini yandırıb ərazidən uzaqlaşıb.

Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, müəyyən edilərək saxlanılıb.

İstintaq orqanları tərəfindən Ş.Heydərovun barəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (Quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə), 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 29,186.2.2-ci (Əmlakı qəsdən məhv etməyə və ya zədələməyə cəhd, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) və 228.4-cü (Qanunsuz olaraq silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi