ADDA-nın rəis müavini: “Azərbaycanda korrupsiya ilə sərt şəkildə mübarizə aparılır”

ADDA-nın rəis müavini: “Azərbaycanda korrupsiya ilə sərt şəkildə mübarizə aparılır” “Rüşvətalma ən təhlükəli vəzifə cinayətlərindən biridir” mövzusunda təlim keçirilib
Hadisə
2 Dekabr , 2014 10:43
ADDA-nın rəis müavini: “Azərbaycanda korrupsiya ilə sərt şəkildə mübarizə aparılır”

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Dəniz Administrasiyasında (ADDA) “Rüşvətalma ən təhlükəli vəzifə cinayətlərindən biridir” mövzusunda təlim keçirilib. “Report” ADDA-nın rəsmi saytına istinadən xəbər verir ki, Dövlət Dəniz Administrasiyasının rəis müavini Şahlar Məmmədov Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı geniş, ardıcıl və sərt şəkildə mübarizə aparıldığını qeyd edib. O, ölkədə korrupsiyaya qarşı mübarizənin uğurla həyata keçirilməsində, eləcə də sosial bəla halını alan, cəmiyyətin uğurlu inkişafını əngəlləyən rüşvətxorluğun kökünün tamamilə kəsilməsində ölkə rəhbərliyinin nümayiş etdirdiyi qətiyyəti və möhkəm siyasi iradəni xüsusilə vurğulayıb.

Həmçinin Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq tələblərə cavab verən normativ hüquqi bazanın yaradıldığı qeyd edilmiş və ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla sıx əlaqə saxladığı və bu sahədə mövcud bir sıra beynəlxalq konvensiyalara tərəfdar çıxdığı, o cümlədən beynəlxalq sənədlərə imza atıldığı təlim iştirakçılarının diqqətinə çatdırılıb.

Təlimdə “Korrupsiyaya qarşı mübarizə haqqında” qanundan irəli gələrək sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə mane olan korrupsiya hüquqpozmalarından və korrupsiyaya şərait yaradan hüquqpozmalardan bəhs edilib, eləcə də onların aşkar edilməsi və qarşısının alınması yolları ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Cinayət Məcəlləsində əks olunmuş vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, rüşvət alma (passiv rüşvətxorluq), rüşvət vermə (aktiv rüşvətxorluq), o cümlədən vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) kimi korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər barəsində məlumat verilib, xüsusilə də rüşvət vermənin də rüşvət alma kimi cinayət hesab olunduğu vurğulanıb.

Təlimin sonunda Dövlət Dəniz Administrasiyası tərəfindən hazırlanan korrupsiyaya qarşı mübarizə ilə əlaqədar bukletler tədbir iştirakçılarına paylanılıb.

Son xəbərlər

Orphus sistemi