Abşeronda qətl törədən şəxs özünü təqsirli bilməyib

Abşeronda qətl törədən şəxs özünü təqsirli bilməyib Bakı. 21 fevral. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeronda qətl törətməkdə təqsirləndirilən Fəxri Şahbazlının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
21 Fevral , 2019 11:07
Abşeronda qətl törədən şəxs özünü təqsirli bilməyib

Bakı. 21 fevral. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeronda qətl törətməkdə təqsirləndirilən Fəxri Şahbazlının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə F.Şahbazlı özünü təqsirli bilmədiyini deyib.

Daha sonra zərərçəkmişin hüquqi varisi, mərhum Fərid Qurbanovun atası məhkəmədən söz istəyib. O, cinayət işinin araşdırılmasından narazı olduğunu, oğlunu F.Şahbazlının vurmadığını söyləyib. Bu işin müəmmalı olduğunu qeyd edən ata məhkəmədən ədalətli araşdırma istəyib.

Zərərçəkmişin vəkili isə bildirib ki, hadisə zamanı kütləvi dava baş verib, hər iki tərəfdən bu olayda iştirak edən bir neçə şəxs olub. Vəkil deyib ki, həmin şəxslər barəsində ayrıca cinayət işi başlanılıb, həmin cinayət işi ilə bağlı araşdırmaların nəticəsi məlum deyib.

Vəkil zərərçəkmiş tərəflə yeni müqavilə bağladığı üçün işlə tam tanış ola bilmədiyini söyləyib və məhkəmədən vaxt istəyib.

Proses fevralın 26-dək təxirə salınıb.

Qeyd edək ki, hadisə ötən il iyulun 18-də Abşeron rayonu Hökməli kəndi ərazisindəki "At yalı" yaşayış massivində baş verib. Firma işçiləri olan F.Şahbazlı və digər iş yoldaşları su filtri satıb, evə qayıtmağa hazırlaşdıqları vaxt ərazidə yaşayan bir neçə gənc onlara yaxınlaşaraq söz atıb. Həmin gənclərin firma işçiləri olan qadınlara söz atması isə kütləvi davaya səbəb olub.

Hadisə zamanı firma işçisi, Bakı şəhər sakini 27 yaşlı F.Şahbazlı avtomobillərində olan deşici alətlə 24 yaşlı Fərid Qurbanovu vurub. F.Qurbanov çoxlu qan itirdiyi üçün xəstəxanada dünyasını dəyişib. Cinayəti törədən şəxs isə saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi