Abşeronda mina və mərmi aşkarlanıb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu cəlb edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı bir ədəd 122 mm-lik OF-56 artilleriya mərmisi, bir ədəd 82 mm-lik OF-832 minaatan minası və bir ədəd 122 mm-lik BK-M mərmisi olduğu müəyyən edilib.
Mərmilər pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.