Abşeronda qətl və xəsarətlə nəticələnən kütləvi dava ilə bağlı başlanan iki cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işlərinə hakim İlham Mahmudov və hakim Mirzə Xankişiyevin sədrlik etdiyi kollegiyalar baxacaq.
Qeyd edək ki, hadisə ötən il iyulun 25-i saat 19 radələrində Xırdalan şəhəri ərazisində baş verib.
1991-ci il təvəllüdlü Hüseynağa Yaqubov və 1975-ci il təvəllüdlü Məmməd Məmmədovun aldıqları bıçaq xəsarətlərindən ölmələri, bir neçə şəxsin isə ağır dərəcəli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri barədə Abşeron Rayon Prokurorluğunda məlumat daxil olub.
Faktla bağlı Cinayət Məcəlləsinin (CM) 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə cinayət işi başlanıb.
İstintaqla Xırdalan şəhəri, İslam Səfərli küçəsində bir qrup şəxs – bir tərəfdən Məmməd Məmmədov və Xəlil Məmmədov, digər tərəfdən isə Tural Quliyev, Yaşar Mövsümov, İlqar Həsənəliyev, Rəman Mirzəyev və Hüseynağa Yaqubov arasında kəsici-deşici alətlərdən istifadə edilməklə yaranmış münaqişə zəminində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər nəticəsində 1991-ci il təvəllüdlü Hüseynağa Yaqubov və 1975-ci il təvəllüdlü Məmməd Məmmədovun aldıqları xəsarətlərdən ölmələri, hadisənin digər iştirakçılarının isə ağır dərəcəli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri müəyyən olunub.
Təqsirləndirilən şəxslərə CM-nin müvafiq maddələri ilə ittiham verilib.