Abbas Bağırova qarşı 35 min manatlıq dələduzluq edən şəxsin məhkəməsi başlayıb

Abbas Bağırova qarşı 35 min manatlıq dələduzluq edən şəxsin məhkəməsi başlayıb Bakı. 24 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
24 Yanvar , 2019 16:37
Abbas Bağırova qarşı 35 min manatlıq dələduzluq edən şəxsin məhkəməsi başlayıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra zərərçəkmiş qismində tanınan Xətai Yusubov vəsatət qaldırıb. O, mülki iddia qaldırdığını bildirib.

Vəsatət təmin edilib, mülki iddia icraata götürülüb.

Məhkəmənin baxış iclası fevralın 5-nə təyin edilib.

İttiham aktına əsasən, O.Mehrəliyev Maman Nadirovanın etibarından sui-istifadə edərək Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edərək ondan, ümumilikdə, 55 min manat pul alıb.

Bundan başqa o, köməkçisi olduğu tanınmış müğənni Abbas Bağırovun Bakı şəhər, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 35 min manat olan 28 kvadratmetr torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirib.

Həmçinin O.Mehrəliyev müğənni A.Bağırova məxsus, həmin torpaq sahəsini Emil Qurbanova satacağını vəd edərək ondan 10 min manat pul alıb.

Cinayət materialına görə, O.Mehrəliyev Ümumdünya Azərbaycan Konqresinin hüquqşünası Xətai Yusubovdan 52 min 500 manat pul alaraq onu Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edib.

O, təkrarən M.Nadirovadan 2017-ci ildə 3500 manat pul alaraq onun cinayət işinə xitam verdirəcəyini vəd edib.

O.Mehrəliyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 

Son xəbərlər

Orphus sistemi