Bakıda boya sexində baş verən yanğın söndürülüb - VİDEO- YENİLƏNİB-7

Bakıda boya sexində baş verən yanğın söndürülüb - VİDEO- YENİLƏNİB-7 Bakıda 8 noyabr prospektinə yaxın ərazidə yanğın başlayıb.
Hadisə
27 Sentyabr , 2024 16:06
Bakıda boya sexində baş verən yanğın söndürülüb - VİDEO- YENİLƏNİB-7

Bakının Xətai rayonunda boya sexində baş verən yanğın söndürülüb.

Bu barədə "Report"a açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İctimaiyyətlə əlaqə sektorunun rəisi kapitan Əlibala Əlizadə deyib.

O bildirib ki, yanğınla bağlı əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub:

"Ərazidə yanğın tam söndürülüb, lakin yüksək temperatur müşahidə olduğundan hazırda ərazidə soyutma işləri aparılır".

15:39

Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş verən yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

14.52

Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya istehsalı sexində baş vermiş yanğını ətraf ərazilərə yayılmasına imkan vermədən məhdudlaşdırıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

14.50

Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş verən yanğın zamanı obyektin həyətində olan bir neçə avtomobil yanıb.

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğının "Yurd F" MMC boya sexinin təxminən 5-6 sot ərazisini əhatə etdiyi bildirilir.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Yanğının başvermə səbəbləri araşdırılır.

14.41

Xətai rayonu ərazisində baş verən yanğınla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hazırda ərazidə monitorinq işləri aparır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev bildirib.

O qeyd edib ki, havaya yayılan qara tüstü axını ilə bağlı havanın çirklənmə səviyyəsini müəyyən etmək məqsədilə mütəxəssislər tərəfindən atmosfer havasından xüsusi cihazlarla nümunələr götürülür.

14.07

Bu gün saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb edilib.

Qeyd olunub ki, indiyədək hadisə ilə əlaqədar təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.

13.54

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən "Report"a verilən məlumata görə, məlumat əsasında dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Qeyd olunub ki, hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

13.42

Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın başlayıb.

“Report” xəbər verir ki, yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib: "Yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. Polis əməkdaşları ərazini mühafizə edərək təhlükəsizlik tədbirləri görür".

Müxbirlər Samirə Abdullayeva, Nəcməddin Quluzadə, Gülər Seymurqızı

Foto: Məhəmməd Ağayev

Son xəbərlər

Orphus sistemi